ÖTƏN TƏDRİS İLİ UCAR MƏKTƏBLƏRİ ÜÇÜN UĞURLU OLMUŞDUR BU BARƏDƏ RAYON MÜƏLLİMLƏRİNİN AVQUST KONFRANSINDA ƏTRAFLI FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
Konfrans iştirakçıları birmənalı şəkildə vurğuladılar ki, 2002/2003-cü tədris ili Ucar məktəbləri üçün uğurlu olmuşdur. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən məzunların yarısından çoxu - 195 nəfəri arzusuna yetmişdir. Müxtəlif fənlər üzrə olimpiadaların respublika turunda Ucar məktəblilərinin 10 nəfəri fərqlənmiş və onlardan 2-si bilik yarışında hamıdan üstün olmuşdur. Bu məktəblilərdən 4-ü tarix müəllimi Hamlet Əliyevin yetirməsidir.
Təhsil naziri Misir Mərdanov müşavirədə çıxış edərək, ölkəmizdə təhsil islahatlarının gedişi və yaxın 10 ildə reallaşdırılacaq tədbirlər barədə danışdı. Dünya Bankının Azərbaycanda təhsil islahatlarına 70 milyon dollar kredit ayıracağını bildirən nazir dedi ki, növbəti dörd ildə 22 milyon dollar kredit hesabına həyata keçiriləcək tədbirlərin bir hissəsi təhsilə xüsusi diqqət yetirən Ucar rayonuna aid olacaqdır.
Ətraflı fikir mübadiləsindən sonra Azərbaycan müəllimlərinin növbəti qurultayına nümayəndələr seçildi.
Daha sonra tikintisi yenicə başa çatmış Çiyni kənd orta məktəbinin açılış mərasimi oldu.
Tədbir iştirakçıları obyektin tikintisinə maliyyə yardımına görə xeyriyyəçi iş adamı Ağamirzə Əhədova dərin minnətdarlıqlarını bildirdilər.
Mərasimdə çıxış edənlər son bir neçə ildə təhsil ocaqlarının tikintisinə və əsaslı təmirinə xüsusi diqqət yetirilməsini dövlətin məqsədyönlü siyasətinin bariz nümunəsi kimi dəyərləndirdilər, yeni məktəbin müəllim və şagirdlərinə uğurlar arzuladılar. Nazir Misir Mərdanov dedi ki, bizim iş adamlarımız, sahibkarlar təhsil ocaqlarının tikintisinə və təmirinə bir o qədər də diqqət yetirmirdilər. İndi isə bu işə qoşulan adamlar var. Çünki ən böyük savab məktəb tikdirməkdir.