OTUZ MİNƏDƏK AİLƏNİN MADDİ RİFAHI YAXŞILAŞACAQDIR
Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarını əhatə edən “Şimal-Qərb kənd inkişaf layihəsi” qarşıdakı 5 ildə suvarma sistemlərini bərpa və inkişaf etdirməyi, torpaqların əkin suyu ilə təminatını yaxşılaşdırmağı, kənd təsərrüfatında məhsul istehsalını intensivləşdirməyi nəzərdə tutur. Layihənin həyata keçirilməsi ilə otuz minədək ailənin maddi rifahı yaxşılaşacaqdır.
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, layihəni Azərbaycan hökuməti ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) birgə maliyyələşdirəcəkdir.
Suvarma kanallarının lil və çöküntülərdən təmizlənməsi, suburaxma imkanlarının artırılması yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etməyə imkan yaradacaqdır.
Layihəyə əsasən, torpaq mülkiyyətçilərinə kreditlər veriləcək, onlar istehsal vasitələri, o cümlədən, maşın və mexanizmlərlə, habelə toxum, gübrə ilə təmin olunacaq, fermerlərə kənd təsərrüfatı məhsullarının marketinqi problemi ilə bağlı yardım və digər xidmətlər göstəriləcəkdir.
Layihənin başlıca məqsədlərindən biri adları çəkilən rayonlarda yeni iş yerləri yaratmaqla, kənd əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir. Bu isə ərzaq təhlükəsizliyi probleminin həlli, məhsul bolluğu yaradılması üçün mühüm şərtlərdən biridir.
Respublikamızın şimal-qərb regionunda kənd təsərrüfatının inkişafına yönəldilən yeni layihənin həyata keçirilməsi ilə bağlı təşkilati işlər artıq başa çatdırılmışdır.