Özbəkistan portalında şair, publisist Əkbər Qoşalı ilə müsahibə dərc olunub
Daşkənd, 22 aprel, АZƏRTAC
Özbəkistanın kun.uz portalında şair, publisist Əkbər Qoşalı ilə müsahibə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Əkbər Qoşalı aprelin 5-dən 10-dək Özbəkistanın Termez şəhərində keçirilən birinci Beynəlxalq Baxşi festivalında iştirak edib.
“Özbəkistan türk dünyasının mirvarisi, açıq səma altında muzeydir” sərlövhəli müsahibəsində Əkbər Qoşalı Termez şəhərində keçirilən festival, oradakı müşahidələri, bu xalqın qonaqpərvərliyi, zəngin mədəniyyəti, nadir tarixi abidələri, təbii sərvətləri haqqında ətraflı söhbət açıb.
Müsahibədə bildirib ki, Özbəkistana son gəlişində ölkədə böyük dəyişikliklərin şahidi olub, turizmin inkişafı istiqamətində böyük işlər görülüb.
Materialda vurğulanıb ki, festivalda ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak ediblər.
Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov, aşıq Samirə Əliyeva və aşıq Əli Quliyev də bu böyük festivala dəvət olunub və aşıqlarımız festivalın birinci mükafatını alıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd