DÜNYA
Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənddə keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Rəhbərlər Şurasının doqquzuncu iclasında çıxış edərək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin regional təşəbbüs və iqtisadi artım üçün strateji əhəmiyyətini qeyd edib.
AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, Şavkat Mirziyoyevin sözlərinə görə, Mərkəzi Asiya regionunda iri infrastruktur layihələrinə ehtiyac hər gün artır. O əlavə edib: “Analoji irimiqyaslı regional infrastruktur layihələrinin bariz nümunəsi hazırda tikintisinə başlanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur”.
Ekspertlərin fikrincə, Şavkat Mirziyoyev bu layihəyə uzunmüddətli iqtisadi inkişafın və transmilli əməkdaşlığın əsas elementi kimi baxır ki, bu da Mərkəzi Asiyanın beynəlxalq arenada strateji mövqeyini təmin edir.
Qeyd edək ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Mərkəzi Asiya ilə Çin arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır və təkcə ayrı-ayrı iştirakçı ölkələr üçün deyil, bütün region üçün böyük əhəmiyyət kəsb edir. Layihə, həmçinin regionun iqtisadi xəritəsini dəyişdirə və Asiya ilə Avropa arasında ticarətin inkişafına yeni təkan verə, məşğulluq sahəsində əməkdaşlıq üçün yeni üfüqlər aça bilər.
Bu dəmir yolunun işə düşməsi ilə Qırğızıstan və Özbəkistan Çin bazarına daha səmərəli çıxış əldə edəcək və regiondan yük axını da sürətlənəcək. Sözügedən layihə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində nəqliyyat sənayesi və logistikanın təşviqinin bir hissəsidir.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin həyata keçirilməsi üçün layihələndirmə şirkətinin yaradıldığı barədə daha əvvəl məlumat verilmişdi. Özbəkistan Respublikasının nizamnamə kapitalındakı payı, respublika prezidentinin fərmanına əsasən, 225 milyon ABŞ dollarıdır. Nəqliyyat marşrutunun ümumi dəyəri 8 milyard dollar məbləğində qiymətləndirilir, onun uzunluğu isə 450 kilometrdən çox olacaq.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə bu ilin oktyabrında başlanması planlaşdırılır.