Özbəkistanda qalan vətəndaşlarımızın 50-si Bakıya yola salınıb
Daşkənd, 8 may, АZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın və Özbəkistanın xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması səbəbindən bu ölkədə 174 vətəndaşımız qalıb. İsrail Dövləti Özbəkistanda və Azərbaycanda qalan vətəndaşlarının təxliyəsi məqsədilə mayın 8-də Təl-Əviv-Daşkənd-Bakı-Təl-Əviv reysini həyata keçirib.
Azərbaycanın və İsrailin Özbəkistandakı səfirləri Hüseyn Quliyev və Eddi Şapir arasında əldə olunmuş razılığa əsasən 50 vətəndaşımız İsrail təyyarəsi ilə Bakıya yola salınıb. Vətəndaşlarımız arasında ilk olaraq uşaqlı ailələr, qadınlar və xroniki xəstəliyi olanlar seçilib.
Daşkənddəki İslam Kərimov adına Hava Limanından vətəndaşlarımızı Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Arif Abbasov və səfirliyinin əməkdaşları yola salıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd