ELM VƏ TƏHSİL
Özbəkistanın Baş nazirinin müavini ADNSU-da
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ilə Özbəkistanın Baş nazirinin müavini Aziz Abduxakimov arasında görüş olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda, o cümlədən ADNSU-da təhsil sistemi müasir elmi yanaşmalara uğun şəkildə qurulub. Tədrisin təşkili, elmi-tədqiqat layihələrinin müzakirəsi, bakalavr, magistr və doktorluq dissertasiyalarının hazırlanması mərhələlərində başılaca meyar elmi nəticənin yüksək olmasıdır. ADNSU-nun dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini deyən rektor bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında da məlumat verib və burada tələbələrin təhsili üçün bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Özbəkistanın Baş nazirinin müavini Aziz Abduxakimov ölkəsinin təhsil sistemi haqqında danışıb və təhsil sahəsində islahatlar aparıldığını deyib.
Sonra qonaqlar ADNSU-nun Azİİ Elektron Kitab Evində yaradılan şəraitlə tanış olublar.
Özbəkistanın Baş nazirinin müavini rektor M.Babanlını ölkəsinə dəvət edib.
Görüşdə ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, elm və texnika işləri üzrə prorektor, professor Rauf Əliyarov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iştirak ediblər.