Özbəkistanla Almaniya arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib
Daşkənd, 29 may, АZƏRTAC
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Özbəkistanda rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin almaniyalı həmkarı ilə görüşündə ölkələr arasında siyasi, ticarət-iqtisadi, sərmayə qoyuluşu, maliyyə-texniki, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin beynəlxalq və regional məsələlər müzakirə edilib.
Terrorizm, ekstremizmlə mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, Əfqanıstanda sülhün və sabitliyin yaradılması, bu ölkədə sosial-iqtisadi, investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, Aral fəlakətinin aradan qaldırılması istiqamətində də fikir mübadiləsi aparılıb.
Bildirilib ki, ticarət mübadiləsi ötən illə müqayisədə 25 faiz artıb.
Görüşün sonunda informasiya mübadiləsi və qorunması, “Volkswagen” avtomobil şirkəti ilə birgə Özbəkistanda minik maşınlarının istehsalı və digər məsələləri əhatə edən sənədlər imzalanıb.
Almaniya Prezidentinin Özbəkistana səfəri davam edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd