ÖZBƏKİSTANLI QONAQLAR İNSAN HÜQUQLARI İNSTİTUTUNDA OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, mayın 6-da AMEA-nın İnsan Hüquqları İnstitutunda ölkəmizdə səfərdə olan özbəkistanlı qonaqlarla - Vətəndaş Cəmiyyəti Tədqiqat İnstitutunun direktoru Məlikcan Usmanov və Liberal Demokrat Partiyası sədrinin müavini Abduləziz Abdullayev ilə görüş keçirilmişdir.
Tədbirdə institutun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayev ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılmış ən gənc elmi tədqiqat müəssisəsinin fəaliyyəti barədə qısa məlumat vermiş, qurum tərəfindən rus dilində nəşr edilmiş, Azərbaycanda insan hüquqlarının qorunmasına, Ermənistan ordusunun torpaqlarımızda törətdikləri vəhşiliklərə həsr olunmuş kitabları qonaqlara təqdim etmişdir.
R.Mustafayev institutun beynəlxalq təşkilatlarla əlaqələri barədə danışmış, cari ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini diqqətə çatdırmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qonaqları məlumatlandıran direktor ölkə rəhbərliyinin problemi sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu, lakin təcavüzkar Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqe tutduğunu vurğulamışdır.
İnstitutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Mahir Xəlifəzadə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun ölkələrimiz arasında hərtərəfli əlaqələrin genişləndirilməsinə verdikləri töhfədən danışmışdır. Natiq Özbəkistanın BMT Baş Məclisinin 62-ci sessiyasında qəbul olunmuş “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin lehinə səs verməsini yüksək qiymətləndirmişdir.
Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcəklərindən məmnunluq duyduqlarını söyləyən qonaqlar, ulu öndərin türk dünyasının ən görkəmli simalarından biri olduğunu söyləmişlər. Onlar xalqımızın ən ağrılı problemi - Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasını arzulamışlar.
Elmi əlaqələrə toxunan Vətəndaş Cəmiyyəti Tədqiqat İnstitutunun direktoru Məlikcan Usmanov qurum tərəfindən insan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı hər il 4-5 beynəlxalq konfransın keçirildiyini və bu tədbirlərdə Azərbaycan nümayəndələrini də görmək arzusunda olduğunu diqqətə çatdırmışdır. Özbəkistan Liberal Demokrat Partiyası sədrinin müavini Abduləziz Abdullayev partiyanın strukturu və fəaliyyəti barədə məlumat vermişdir.
Sonda Rövşən Mustafayev iki ölkənin elmi əlaqələrinin inkişafı istiqamətində təkliflərini irəli sürmüşdür.