DÜNYA
Pakistan beynəlxalq müqavilələrdə iştirak edərək ozon təbəqəsinin qorunmasında qlobal səylər göstərir
İslamabad,16 sentyabr, Hilal Əhməd, AZƏRTAC
Pakistan beynəlxalq müqavilələrdə iştirak edərək ozon təbəqəsinin qorunmasında qlobal səylər göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit məsələləri üzrə koordinatoru Romina Xurşid Alam İslamabadda keçirilən 2024-cü il Ümumdünya Ozon Günü ilə bağlı milli ekspertlərin dialoqunda çıxış edərkən vurğulayıb.
Baş nazirin koordinatoru həyat və yaşam üçün ozon təbəqəsinin kritik rolunu qeyd edərək, onun qorunması ilə iqlim fəaliyyətinin qarşılıqlı əlaqəsinin vacibliyini bildirib. O, ozon təbəqəsini məhv edən qazlardan mərhələli şəkildə imtinaya yönəlmiş tədbirləri vurğulayaraq, ölkədəki bir çox sənayenin ozona uyğun texnologiyalara keçdiyini söyləyib. Romina Xurşid Alam bildirib ki, ölkədə bu sahə üzrə 2025-ci ilə qədər 67,5 faiz azalma olacağı gözlənilir.
Xatırladaq ki, iqlim dəyişikliyi dünyanın bir çox ölkələrinin üzləşdiyi mühüm problemdir. Bu məsələ noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-da ətraflı müzakirə olunacaq. COP29 iqlim dəyişikliyi ilə bağlı təcili problem üzərində əməkdaşlıq etmək üçün dövlət başçılarını, iqlim ekspertlərini və vətəndaş cəmiyyətinin tanınmış şəxslərini bir araya toplayacaq.