PAKİSTANIN SƏFİRİ QƏRB BÖLGƏSİNƏ SƏFƏRİNİ GƏNCƏDƏ YEKUNLAŞDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafiz respublikamızın Qərb bölgəsinə səfərini Gəncədə yekunlaşdırmışdır. Səfərin nəticələri barədə jurnalistlərə açıqlama verən diplomat ölkəsinin Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan-Pakistan birgə komissiyasının 4-cü iclası cari ilin sentyabrında İslamabadda keçiriləcəkdir.
Bölgədəki iqtisadi vəziyyətlə yaxından tanış olan səfir Qərb regionunun iqtisadi potensialını yüksək qiymətləndirmiş və burada birgə əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etmişdir.
Səfir Gəncədə olarkən dahi söz ustası Nizami Gəncəvinin və xalq qəhrəmanı Cavad xanın məqbərələrini də ziyarət etmiş, cümhuriyyət muzeyində olmuşdur.