Pandemiya dövründə vergiödəyiciləri müxtəlif formada fəaliyyət göstərirlər
Bakı, 21 may, AZƏRTAC
Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdə müəyyən müddəalara görə, vergiödəyiciləri üçün hesabatlılıq, vergilərin ödənilməsi müxtəlifdir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sözləri auditor Altay Cəfərov deyib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, vergiödəyiciləri aşağıda göstərilən formalarda fəaliyyət göstərirlər: ƏDV, eyni zamanda, mənfəət vergisinin ödəyiciləri, mənfəət vergisiödəyicisi olan, amma ƏDV ödəyicisi olmayan vergiödəyiciləri, sadələşdirilmiş vergiödəyiciləri, mənfəət və ya gəlir vergisinin ödəyiciləri olan mikro sahibkarlar, sadələşdirilmiş vergiödəyiciləri olan mikro sahibkarlar, ƏDV, eləcə də gəlir vergisinin ödəyiciləri olan fərdi sahibkarlar, gəlir vergisinin ödəyicisi olan, lakin ƏDV ödəyicisi olmayan fərdi sahibkarlar.
A.Cəfərov qeyd edib ki, pandemiyanın təsirinə məruz qalan vergiödəyiciləri müxtəlif formalarda fəaliyyət göstərirlər, buna görə də onların hesabatlılığı və vergilərin ödənişi məsələləri də fərqlidir: "Pandemiya ilə bağlı Vergi Məcəlləsində ediləcək dəyişikliklərdə bütün növ vergiödəyiciləri üçün zəruri məsələlər öz həllini tapıb. Başqa sözlə, həm mənfəət vergisi, həm gəlir vergisi, həm də sadələşdirilmiş vergiödəyiciləri üçün güzəştlər nəzərdə tutulub”.
Auditor, həmçinin dəyişikliklərdəki maraqlı məqamlara da toxunub. Deyib ki, hesabatların təqdim edilməsi və vergi ödəmələrinin həyata keçirilməsində 2020-ci illə yanaşı, 2019-cu ilə də aid müddəalar var. Ona görə də, sahibkarlar qanun layihəsindəki bəzi məqamlara diqqət yetirməlidirdər. Belə ki, müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergiödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını müvafiq olaraq bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.
A.Cəfərov mikro sahibkarlıq subyekti olan mənfəət və gəlir vergisinin ödəyiciləri üçün pandemiya ilə bağlı vergi məbləğlərinə və vergi faizlərinə əlavə güzəştlərin nəzərdə tutulmadığını da diqqətə çatdırıb: "Onsuz da qanunvericilikdə mikro sahibkarlara vergi məsələlərində kifayət qədər güzəştlər var. Sadələşdirilmiş vergiödəyicilərinə isə 50 faiz güzəşt nəzərdə tutulub, bu verginin dərəcəsi 2 faizdən 1 faizə endirilib".