MƏDƏNİYYƏT
Paulo del Biyanko: Azərbaycanda olmaqdan böyük qürur hissi duyuram
Bakı, 20 aprel (AZƏRTAC). Azərbaycanda olmaqdan böyük qürur hissi duyuram. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən bu mükafat təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın 2013-cü il üçün laureatı olmuş Romualdo del Bianco Fondunun prezidenti Paulo del Biyanko jurnalistlərə müsahibəsində demişdir. O, son bir neçə ildə Azərbaycanın çox sürətlə inkişaf edərək qüdrətli bir dövlətə çevrildiyini və ölkəmizə gəldiyi andan bir daha bunun şahidi olduğunu vurğulamışdır.
Paulo del Biyanko, həmçinin mədəni irs abidələri ilə bağlı portal işləyib hazırladıqlarını bildirmişdir. O, Mədəniyyət və Turizm Nazirliyi ilə saziş imzaladıqlarını və razılığa görə bu portalda Azərbaycanın maddi və qeyri-maddi irs nümunələrinin öz əksini tapacağını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu işlərin görülməsində məqsədləri istehlakçı turizm deyil, əsas məsələ burada mədəniyyətlər arasında dəyərlərin başa düşülməsi, öyrənilməsi və mübadiləsidir.
Portalın www.lifebeyondtourism.org adlandığını diqqətə çatdıran Paulo del Biyanko qeyd etmişdir ki, siz ora daxil olaraq Azərbaycan haqqında məlumatları əlavə etməklə ölkənizin mədəni və tarixi irs nümunələrini bütün dünyada tanıtdıra bilərsiniz.