Paytaxtda onlayn sifarişləri daşıma xidmətinin işçilərinə məxsus mopedləri oğurlayan şəxslər saxlanılıb
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus “Twister” və “Jonway” markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılıb.
“Twister” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qorxmaz Eyvazov, “Jonway” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağababa Əsgərov və Lənkəran rayon sakini Daşdəmir Əsgərzadə Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.