Paytaxtın 2 küçə və 1 prospektində hərəkət qismən məhdudlaşdırılır
Bakı, 19 aprel, AZƏRTAC
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə, Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq aprelin 19-dan adıçəkilən ərazilərdə axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq. Qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, paytaxtda yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq aparılan təmir-tikinti işləri çərçivəsində aprelin 20-də gecə saatlarından Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək (mərkəz istiqaməti) olan hissəsində hərəkət qısa müddətlik qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələri və sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.