ELM VƏ TƏHSİL
Pedaqoji Universitet yeni tələbələrini qarşıladı
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bilik Günü və yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetə qəbul planının 99 faiz dolduğunu bildirib. Rektor vurğulayıb ki, ölkədə aparılan davamlı və məqsədyönlü təhsil islahatları nəticəsində gənclərin müəllimlik peşəsinə marağı ildən-ilə artmaqdadır. Bu il 600-dən yuxarı bal toplayan 13 nəfər ADPU-nu seçib.
Tələbələrə tövsiyələrini verən rektor gəncləri yeniləşən dünyanın tələblərini nəzərə alaraq özlərini zamanın və əmək bazarının tələblərinə uyğun formada yetişdirməyə, tələbəlik illərini səmərəli dəyərləndirməyə, peşəkar kadr kimi formalaşmaları üçün vacib olan dil və rəqəmsal bacarıqlarını inkişaf etdirməyə çağırıb.
Daha sonra 600-dən yuxarı balla Pedaqoji Universitetə qəbul olmuş tələbələr təəssüratlarını bölüşüblər. Onlar gələcəyin peşəkar müəllimləri kimi formalaşmaq üçün əzmlə çalışacaqlarını bildiriblər.