Pekin Vaşinqtona iqtisadi inkişaf mesajı göndərib
Bakı, 5 may, AZƏRTAC
Pekinin Vaşinqtona göndərdiyi son mesajda bildirilib ki, iqtisadi təzyiq və məhdudiyyətlər Çinin inkişafının qarşısını ala bilməyəcək.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Pekin Ağ evin rəhbərliyinə başda çip istehsalı olmaqla, digər iqtisadi sahələrdə əngəllərin və məhdudiyyətlərin Çinin innovativ fəaliyyətini dayandıra bilməyəcəyi barədə xəbərdarlıq edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ-ın Yarımkeçiricilər Sənayeçiləri Birliyinin sədri Con Nyufferin son bəyanatını da şərh edib. O qeyd edib ki, amerikalı sənayeçi Çinin Amerikanın çip istehsalçıları üçün ən böyük bazar olduğunu və Vaşinqtonun təhlükəsizliklə bağlı narahatlığına rəğmən bu bazarı əldən vermək istəmədiklərini söyləyib. XİN rəsmisi bununla bağlı deyib ki, ABŞ dünyada öz hegemonluğunu davam etdirmək məqsədilə beynəlxalq təhlükəsizlik anlayışını şişirdir, ixracata nəzarət səlahiyyətindən sui-istifadə edir və Çinə ixracı məhdudlaşdırır.
Mao Ninq əlavə edib ki, Çin yarımkeçiricilərin ən böyük bazarıdır və iqtisadi əlaqələrin kəsilməsi, tədarük zəncirinin qopması və məhdudlaşdırıcı tədbirlər heç bir tərəfin maraqlarına uyğun deyil. Vaşinqtonun təkcə Çini deyil, bir çox inkişaf etməkdə olan ölkələri də sıxışdırdığını diqqətə çatdıran XİN rəsmisi deyib: “ABŞ inkişaf etməkdə olan ölkələrin təbii haqqı olan inkişaf və texnoloji tərəqqini onların əllərindən almaq, bu ölkələri sənaye piramidasının ən aşağı mərtəbəsində saxlamaq istəyir”.
Çin XİN-in sözçüsü iddia edib ki, elm və texnologiya sahələrində ədalətsiz rəqabət, həmçinin dünya ticarət qaydalarında sabitliyin pozulması son nəticədə qlobal iqtisadiyyata zərbə vuracaq və ABŞ-ın özünə də mənfi təsir edəcək. O əlavə edib ki, Pekin digər ölkələrlə texnoloji fürsətləri paylaşmaya hazırdır və özünün qanunu hüquqlarını müdafiə edəcək.