PEKİNDƏ XXIX YAY OLİMPİYA OYUNLARI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, avqustun 24-də Pekindəki “Quş yuvası” milli stadionunda XXIX Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilmişdir.
Pekin vaxtı ilə saat 20.00-da başlayan mərasimdə əvvəlcə Çinin dövlət himni səslənmişdir. Olimpiadanın bağlanış mərasimi gözlənildiyi kimi, möhtəşəm bayrama çevrilmişdir.
Çin artistləri milli mahnılar və rəqslər ifa etmiş, milli mifologiyanı və tarixi miniatürləri əks etdirən süjetlər nümayiş olunmuşdur.
Sonra stadiona bayraqdarlar daxil olmuşlar. Azərbaycan bayrağını boks üzrə yarışların bürünc mükafatçısı Şahin İmranov aparırdı. Olimpiadanın açılış mərasimindən fərqli olaraq idmançılar meydana birlikdə qaçaraq daxil olmuş və bununla da bütün iştirakçıların həmrəyliyini nümayiş etdirmişlər.
Yarım saat davam edən teatrlaşdırılmış şoudan sonra Olimpiya stadionuna bazar günü başa çatmış marafon qaçışının qalibləri daxil olmuşlar. Bu növdə Qızıl medala keniyalı Semuel Kamau Vanjiru layiq görülmüş, marokkolu Smuel Kamau Marokko gümüş, efipialı Seqay Kebede isə bürünc medalları qazanmışlar. Mükafatların təqdimat mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe iştirak etmişdir.
XXIX Yay Olimpiya Oyunları BOK prezidenti Jak Roqqenin çıxışından sonra rəsmi olaraq bağlı elan edilmişdir.
Bundan sonra “Pekin-2008” Olimpiadasının təşkilat Komitəsinin üzvləri Olmpiya bayrağını 2012-ci il London Olimpiadasının təşkilatçılarına təhvil vermişlər.
Mərasimə son nöqtə Olimpiya bayrağının endirilməsi ilə qoyulmuşdur ki, bu da Çinin paytaxtında Oyunların başa çatdığını bildirmişdir. Bayraq Olimpiya himninin sədaları altında endirilmiş və sonra onunla stadion boyunca şərəf dairəsi vurulmuşdur. Olimpiya məşəli söndürülmüşdür.
Pekin Olimpiadasında 204 ölkənin idmançıları iştirak etmişlər. Olimpiadanın 16 günü ərzində 302 dəst medal oynanılmışdır. Azərbaycan ümumi komanda hesabında 1 qızıl, 2 gümüş və 4 bürünc medalla 39-cu yeri tutmuşdur. Medalların sayına görə isə ölkəmiz 27-ci yerdədir. 1996-cı ilin Atlanta Olimpiadasında Azərbaycan idmançıları cəmi 1 gümüş, 2000-ci ilin Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc, 2004-cü ilin Afina oyunlarında isə 1 qızıl və 4 bürünc medal qazanmışdılar. Göründüyü kimi, Pekin Olimpiadası Azərbaycan idmançıları üçün daha uğurlu olmuşdur.
Azərbaycan postsovet ölkələri arasında 6-cı yeri tutmuşdur. Özbəkistan (1-2-3), Latviya (1-1-1), Estoniya (1-1-0), Litva (0-2-3), Qırğızıstan (0-1-1), Taciksitan (0-1-1), Ermənistan (0-0-6) və Moldova (0-0-1) Azərbaycandan arxada qalmışdır. Yalnız Türkmənistan heç bir medal əldə edə bilməmişdir.
Azərbaycan Avropa ölkələri arasında 20-ci, islam ölkələri arasında isə 3-cü olmuşdur.
Olimpiadanın qalibi 51 qızıl, 21 gümüş və 28 bürünc medalla Çinin yığma komandası olmuşdur. İkinci yeri ABŞ (36-38-36) komandası tutsa da medalların sayına görə bu ölkə birincidir.
Mükafatlar 87 ölkənin idmançıları tərəfindən qazanılmış, 55 ölkə isə Olimpiya çempionu olmaq şərəfinə nail olmuşdur.