Penitensiar xidmətin tibb əməkdaşları üçün təlim-məşğələ kursu aparılıb
Bakı, 23 aprel, AZƏRTAC
Bir neçə ildir ki, ölkəmizdə Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək” tədbiri həyata keçirilir. Layihənin məqsədi penitensiar sistemdə Avropa standartlarına uyğun islahatlar aparılması və xüsusən məhbuslar üçün (ruhi sağlamlıq da daxil olmaqla) səhiyyə xidmətlərinin yaxşılaşdırılması və cəzaçəkmə müəssisələrinin həmin standartlara uyğun idarə edilməsində hökumət qurumlarına kömək etməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda penitensiar xidmətin tibb əməkdaşları üçün təşkil olunan təlim-məşğələlərdən biri - “Ürək-damar sistemi və sinir sistemi xəstəliklərinin müəyyən edilməsi və müalicəsi” mövzusunda aparılıb. Təlimləri institutun aparıcı mütəxəssislərindən terapiya kafedrasının müdiri, professor İsaq Mustafayev, həmin kafedranın dosenti Samir Mehdiyev, anesteziologiya və reanimotologiya kafedrasının dosenti, tibb elmləri doktoru Rimma Nəsirova, nevrologiya və klinik neyrofiziologiya kafedrasının dosenti, tibb elmləri doktoru Rövşən Həsənov və həmin kafedranın dosenti Zəminə Sadıxova aparıblar.
Məşğələlər “Kəskin koronar sindrom”, ”Kəskin sol mədəcik çatışmazlığı”, ”Hipertonik krizlər”, ”Ürək ritm pozulmaları”, ”Nevrologiyada təxirəsalınmaz vəziyyətlər”, ”Beyin qan dövranının kəskin pozulmaları”, ”Epilepsiya və epileptik status”, ”Təxirəsalınmaz tibbi yardımın əsasları, ürək-ağ ciyər reanimasiyasında avtomatik xarici defibrilyasiya aparatından istifadə” mövzularında keçirilib.
Təlim-məşğələ kursunun iştirakçılarına sertifikatlar verilib.