İQTİSADİYYAT
Pərakəndə ticarət subyektlərində istehlakçılara 10,1 milyard manatlıq əmtəə satılmışdır
Bakı, 14 iyul (AZƏRTAC). Cari ilin birinci yarısında pərakəndə ticarət subyektlərində istehlakçılara 10,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz çox əmtəə satılmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, istehlak mallarının 5,1 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 5 milyard manatını qeyri-ərzaq malları təşkil etmişdir.
Bu ilin altı ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun aylarına nisbətən 15,8 faiz artaraq 1,3 milyon manat təşkil etmişdir. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,7 faizini hüquqi, 21,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır.
Elektron ticarət dövriyyəsinin 90,6 faizini qeyri-ərzaq malları təşkil etmişdir.