Pirallahı qəsəbəsində gənc qadının əri tərəfindən bıçaqlanaraq öldürülməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Pirallahı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.