Pirallahı rayonunun 3 küçəsində təmir işləri aparılır
Bakı, 20 may, AZƏRTAC
Pirallahı rayonunda ümumi uzunluqları 2165 metr olan Mətbuat, Sahil və Dostluq küçələrində əsaslı təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Hazırda uzunluğu 880 metr olan Dostluq küçəsində torpaq işləri, 850 metr uzunluğunda olan Sahil küçəsində torpaq və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 435 metr uzunluğa malik Mətbuat küçəsində isə yeni asfalt örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir.
Hər üç küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir. Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.