PİVƏ HƏVƏSKARLARI AĞCİYƏR XƏRÇƏNGİNƏ DAHA TEZ TUTULURLAR
Alimlər Kvebek əyalətində aparılmış əvvəlki iki tədqiqatın nəticələrindən istifadə etmişlər. Bu tədqiqatlarda ağciyər xərçəngi aşkara çıxarılmış 1793 kişi və qadının həyat tərzi, vərdişləri və yeməkləri barədə ətraflı məlumat verilmişdir.
Tədqiqat layihəsinin əlaqələndiricisi Andrea Benedettinin sözlərinə görə, alkoqol ilə onkoloji xəstəliklər arasında əlaqə müəyyən edilərkən əsas problem bundadır ki, alkoqollu içkilər içilərkən, bir qayda olaraq, çoxlu siqaret çəkilir. Belə həyat tərzinin ağır nəticələri həm tütün tüstüsünün zərəri, həm də alkoqolun zərərli təsiri ilə izah edilir.
Lakin indiki halda alimlərin tədqiq olunan adamlar barəsində əldə etdikləri ətraflı məlumat alkoqollu içkilər içməklə yanaşı, çoxlu siqaret çəkən adamları tədqiqatdan kənarlaşdırmağa imkan vermişdir. Bu yolla əldə edilən məlumatın təhlili göstərmişdir ki, həftədə 1-6 parç pivə içilməsi ağciyər xərçənginə tutulmaq riskini 20 faiz artırır. Həftədə 7 parçdan çox pivə içilməsi isə xərçəng riskini 50 faizədək artırmışdır.
Alimlərin tədqiqatlarına görə, müntəzəm olaraq şərab içmək xərçəng riskini kişilər üçün 40 faiz, qadınlar üçün 70 faiz azaldır.
Bundan başqa, Kanada alimlərinin tədqiqatları geniş yayılmış belə bir fərziyyəni də təsdiqləyir ki, daim təzə meyvə və tərəvəz yemək ağciyər xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.
Əvvəllər aparılmış çoxsaylı tədqiqatlar da alkoqollu içkilərə aludəliklə ağız, traxeya, qırtlaq, qida borusu, mədə, düz və yoğun bağırsaq nahiyəsində, habelə böyrəklərdə, qaraciyərdə və yumurtalıqlarda onkoloji xəstəliklər arasında sabit qarşılıqlı əlaqə olduğunu təsdiqləmişdir.