POLİS AKADEMİYASINDA VETERANLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 9 May - Qələbə günü münasibətilə II Dünya Müharibəsinin iştirakçıları və daxili işlər orqanları veteranları Zilli Rzayev və Pirməmməd Nağıyev ilə görüş keçirilmişdir.
Akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev II Dünya müharibəsi barədə iştirakçılara qısa məlumat vermişdir.
Çıxış edən veteranlar keçdikləri odlu-alovlu müharibə, eyni zamanda şərəfli ömür yolları haqqında danışmış, öz təcrübələrinə əsaslanaraq gənc nəslə tövsiyələrini vermiş, müdavimləri maraqlandıran sualları cavablandırmışlar.
Bildirilmişdir ki, bəşəriyyət tarixində II Dünya müharibəsi ən qanlı savaş kimi qiymətləndirilir. Ötən əsrin 30-cu illərinin ikinci yarısında Avropanın mərkəzində yerləşən faşist Almaniyası qonşularına qarşı torpaq iddiası irəli sürməyə başlamış, tədricən müharibə alovu dünyanı bürümüş, nəticədə onlarla dövlət döyüş əməliyyatlarına cəlb edilmiş, on milyonlarla insan həlak olmuşdur.
Əldə etdiyi uğurlardan faydalanan faşist Almaniyası və onun müttəfiqləri 1941-ci ilin iyununda Sovetlər İttifaqına qarşı elan edilməmiş müharibəyə başlamışlar. Bu savaşda Azərbaycanın oğul və qızları həm ön, həm də arxa cəbhədə misilsiz fədakarlıq nümayiş etdirmiş, sovet hərbi texnikasının təxminən 80 faizi Bakı nefti ilə hərəkətə gətirilmiş, yüz minlərlə azərbaycanlı ön cəbhədə qəhrəmanlıqla döyüşmüşdür. Müharibədən sonrakı illərdə cəbhədən qayıdan əsgərlərin bir hissəsi daxili işlər orqanlarında cinayətkarlığa qarşı mübarizə aparmış, bu sahədə də öz cəsarətləri və prinsipiallıqları ilə fərqlənmişlər.
Aparılmış söhbətlərin aktuallığı və bu günümüzlə vəhdət təşkil etdiyindən görüş şəxsi heyət arasında böyük marağa səbəb olmuşdur.
Sonda veteranlara xatirə hədiyyələri təqdim edilmişdir.