POLİS GÜNÜ AĞSUDA TƏNTƏNƏLİ SURƏTDƏ QEYD OLUNMUŞDUR
Ağsu, 2 iyul (AZƏRTAC). İyulun 2-də Polis günü Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının, polis veteranlarının, rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları işçilərinin və ağsaqqalların iştirakı ilə təntənəli surətdə qeyd edilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gəlmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş ağsuluların şərəfinə salınmış abidə kompleksinə əklil və gül-çiçək qoymuşlar.
Sonra rayonun Rəhimli kəndində Azərbaycanın Milli Qəhrəmanı Yusuf Əliyevin məzarı ziyarət edilmişdir.
Rayon polis şöbəsində keçirilən təntənəli yığıncağı rayon polis şöbəsinin rəisi, polis polkovniki Natiq Məşədiyev açmışdır.
Şöbənin şəxsi heyət üzrə rəis müavini, polkovnik-leytenant Mirfazil Seyidəliyev Azərbaycan polisinin keçdiyi çətin və şərəfli yol barədə məruzə etmişdir.
Bildirilmişdir ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə müstəqil dövlətin mühüm hüquq-mühafizə orqanı kimi əsası qoyulan milli polis ötən dövr ərzində olduqca çətin bir yol keçmişdir. Müxtəlif vaxtlarda Azərbaycan polisinin çətin və həm də şərəfli tarixindən söz açan məruzəçi, onun son 16 ildə müstəqilliyimizin qorunmasında, erməni daşnaklarına qarşı mübarizədə böyük xidmətlərini qeyd etmişdir. Müstəqilliyimizin ilk illərində cəbhə bölgəsinə ezam olunan polis əməkdaşları müasir döyüş texnikası ilə silahlanmış erməni hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə fədakarlıq göstərmişlər. Hazırda rayon polis şöbəsinin 35 nəfər əməkdaşı Qarabağ müharibəsi veteranıdır.
Məruzəçi ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanda mühüm hüquq-mübarizə orqanı kimi polisin formalaşmasına, peşəkarlığının artırılmasına böyük diqqət və qayğısından bəhs etmişdir. Ulu öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu qayğının parlaq təzahürü kimi səciyyələndirilmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən və regionun ən qüdrətli dövlətinə çevrilən Azərbaycanda polis konstitusion dövlət quruluşunun, insan hüquqlarının, ölkədaxili sabitliyin qorunmasının real qarantıdır.
Təntənəli yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış etmişdir.
Sonda xidmətdə fərqlənən polis əməkdaşlarına rayon icra hakimiyyətinin fəxri fərmanı, 4 nəfərə həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqədar şəhər bələdiyyəsinin sərəncamı, 24 nəfərə isə bir aylıq vəzifə maaşı məbləğində pul mükafatları verilmişdir.