Politoloq: Şərqi Zəngəzur Gömrük İdarəsinin formalaşdırılması böyük tarixi əhəmiyyətə malikdir
Bakı, 6 may, AZƏRTAC
Ölkədə gömrük sahəsində islahatlar davam edir. Bu islahatlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur islahatlarının davamı kimi xarakterizə edilə bilər.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib. O qeyd edib ki, bütövlükdə gömrük sistemində həyata keçirilən dəyişikliklər və eyni zamanda, müxtəlif baş idarələr ləğv edilərək yerinə yeni idarələrin yaradılması bu sahədə islahatlar kursunu, dövlətin etimadını, həmçinin davamlı niyyətini özündə ehtiva edir.
Politoloq hesab edir ki, özəlliklə gömrük sahəsində bundan əvvəl baş verən müəyyən problemlərdən sonra yeni rəhbərliyin təyin edilməsi, struktur islahatların həyata keçirilməsi bu sahədə şəffaflığın və həmçinin idarəetmənin daha da təkmilləşdirilməsinə səbəb olur.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bütün sahələr üzrə islahatlara birbaşa nəzarət edir və burada da təkmilləşdirmə prosesinin, yenidən formalaşma prosesinin əsas memarlarından biri qismində çıxış edir.
T.İsmayılov əlavə edib ki, artıq Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd buraxılış məntəqəsi var və təbii ki, burada gömrükçülərimiz də fəaliyyət göstərəcək. Sonuncu fərmanla Şərqi Zəngəzur Gömrük İdarəsinin formalaşdırılması isə böyük tarixi əhəmiyyətə malikdir. Tural İsmayılov qeyd edib ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğalı dönəmində təəssüflər olsun ki, Azərbaycan Şərqi Zəngəzurda gömrük idarəsi də daxil olmaqla bir sıra hakimiyyət orqanlarını formalaşdıra bilmirdik. Buna görə də bu fərman özündə həm də çox böyük milli-mənəvi, psixoloji durumu əks etdirir, xalqda ruh yüksəkliyinin yaranmasına səbəb olur. Çünki Şərqi Zəngəzurda Gömrük İdarəsinin yaranması bundan sonra burada digər dövlət qurumlarının da yerli strukturlarının formalaşacağını söyləməyimizə əsas verir.