DÜNYA
Polşa Varşava Üsyanının 70 illiyini qeyd edir
![Polşa Varşava Üsyanının 70 illiyini qeyd edir](/files/2014/2/1200x630/14087125221389060730_1200x630.jpg)
Bakı, 31 iyul (AZƏRTAC). Bu il Varşava Üsyanının 70-ci ildönümü xüsusi olaraq təntənəli şəkildə qeyd olunacaq. Bununla bağlı iyulda start verilən tədbirlər oktyabradək davam edəcək.
Polşa Respublikasının Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 30-da Varşava Üsyanı Muzeyinin qarşısında yerləşən Azadlıq Parkında Varşavanın meri Hanna Qronkeviç-Valtz və Polşa Respublikasının Prezidenti Bronislav Komorovski üsyanın həyatda olan iştirakçıları ilə görüş keçirib. Bu tarixi hadisənin 3400-dən çox canlı şahidi müharibədən sonra paytaxtda məskunlaşıb və burada qalıb. Tədbirlərə 400 üsyançı dünyanın müxtəlif ölkələrindən - ABŞ, Kanada, Braziliya, Argentina, Avstraliya, Yeni Zelandiya, İsveç, İsveçrə, Rusiya, İsrail və Qvatemaladan gəlib.
Mərasimlərin ən vacib günü 1 avqust 1944-cü il saat 17:00-da Varşava Üsyanının başlanğıc saatıdır. Bu saatda hər il Polşanın bir çox yerində üsyançıları bir dəqiqə ərzində yad etmək məqsədi ilə həyəcan siqnalları, kilsə zəngləri çalınır, piyada və avtomobil hərəkəti dayandırılır.
Varşava Üsyanı İkinci Dünya müharibəsi zamanı 1939-cu ildə Polşa paytaxtını zəbt etmiş alman ordusuna qarşı yönəlmiş və Milli Ordu tərəfindən təşkil olunmuş üsyandır. Üsyan avqustun 1-də başlayıb və üsyançıların zəif silahlanmasına baxmayaraq 63 gün, yəni 3 oktyabra qədər davam edib. Kommunistlərin hakimiyyəti dövründə (1945-1989) üsyan iştirakçıları Polşa Xalq hakimiyyəti tərəfindən repressiyalara məruz qalıb. 1989-cu ildən etibarən üsyançılar şəhərin qəhrəman müdafiəçiləri kimi tanınırlar.