Praqa “Buşer” AES-ə tədarük üçün “pəncərə” açır
Praqa, 20 aprel, AZƏRTAC
Çexiya parlamentinin aşağı palatası İranın “Buşer” AES-inə Çexiya məhsullarının tədarükünə qoyulan qadağanın ləğvinə dair qanun layihəsini ilk oxunuşda dəstəkləyib. Sağçı partiyaların nümayəndələrinin tənqidinə baxmayaraq, qanun qəbul olunub. Onlar bu təqdiretməni “təhlükəsizlik” baxımından məqsədəuyğun saymayıblar. İndi həmin norma Deputatlar Palatasının müvafiq komitələrinə nəzərdən keçirilməyə göndəriləcək.
AZƏRTAC xəbər verir ki, “Buşer” AES-ə ixracatı qadağan edən qanun 2000-ci ildə “ZVVZ Milevsko” şirkətinin İrana hava texnikası tədarükü niyyətinə cavab olaraq qəbul olunub. Razılaşma Böyük Britaniya və ABŞ tərəfindən sərt tənqid edilmişdi. Bu ölkələr İran hökumətindən onun hərbi atom layihələrini mülki proqramlarla ört-basdır etməsində şübhələnirdilər. Norma Çexiya istehsalçılarına “Buşer” AES layihəsinin icrası üçün məhsul ixracını, xidmət təkliflərini, sənədləşdirilmə və informasiyanı qadağan edirdi.
İndi biz görürük ki, çexiyalılar okeanın o tayından gələn göstərişlərə qulaq asmaqdansa, daha çox öz xeyirləri barədə düşünürlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa