Premyer Liqa: “Neftçi” - “Qarabağ” oyunu başlayıb
Bakı, 7 fevral, AZƏRTAC
“Bakcell Arena”da Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi” və “Qarabağ” oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Neftçi” klubunun start heyətində İvan Brkiç, Emin Mahmudov, Xəyal Nəcəfov, Azər Salahlı, Eddi İsrafilov, Voyislav Stankoviç, Yusuf Laval, Huqo Basto, Tiaqo Bezerra, Gilyerme Pato və Mert Çelik yer alıblar.
“Qarabağ” baş məşqçisi Qurban Qurbanov ilk “11-lik”də Luka Quqeşaşvili, Rahil Məmmədov, İsmayıl İbrahimli, Filip Ozobiç, Ramil Şeydayev, Riçard Almeyda, Abdullah Zubir, Kevin Medina, Marko Veşoviç, Kadi Borqes və Toral Bayramova yer verib.
Görüşü Kamal Umudlu idarə edir.
“Qarabağ” klubu 33 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi”nin isə aktivində 22 xal var və “flaqman” 3-cü sırada yer alıb.
Ağdam klubunda zədəlilər Xayme Romero və Şahruddin Məhəmmədəliyevlə yanaşı, cəzalı olan Patrik Andrade də vacib oyunu buraxıb. Paytaxt təmsilçisində isə yeganə itki qapıçı Aqil Məmmədovdur.
Bu, komandaların Premyer Liqadakı 86-cı dueli olacaq. İndiyədək baş tutmuş 85 qarşılaşmada “köhlən atlar” rəqibini 32 dəfə məğlub edib. 23 oyun “ağ-qaralar”ın xeyrinə başa çatıbsa, 30 oyun heç-heçə ilə yekunlaşıb. “Qarabağ”ın vurduğu 98 qola “Neftçi” 77 topla cavab verib. Son 6 matçda bərabərlik qeydə alınmayıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv son iki oyunda rəqibinə qalib gəlib.
Turun digər iki qarşılaşması - “Sabah” - “Qəbələ” və “Səbail” - “Sumqayıt” fevralın 8-də baş tutacaq.