SİYASƏT
Prezident: Avropada təbii sərvətlərimizlə bağlı fəaliyyətin genişləndirilməsi həm bizim üçün, həm də tərəfdaşlarımız üçün zəruridir
![Prezident: Avropada təbii sərvətlərimizlə bağlı fəaliyyətin genişləndirilməsi həm bizim üçün, həm də tərəfdaşlarımız üçün zəruridir](/files/2022/2/1200x630/1654086069326563192_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Cənub Qaz Dəhlizi bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bir il beş aydır ki, Azərbaycan tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətin genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaşlarımız üçün zəruridir.
Ölkəmizin hasilatı və ixracı artırmağa müvəffəq olduğunu vurğulayan Prezident deyib: “Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər”.
Prezident İlham Əliyev “Şahdəniz”lə yanaşı, digər yataqların da çox perspektivli olduğunu diqqətə çatdırıb. Bildirib ki, gələn il onların bəzilərində hasilat başlayacaq və bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.
“Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”, - deyə dövlətimizin başçısı əlavə edib.