RƏSMİ XRONİKA
PREZİDENT HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANIN İQTİSADİ YÜKSƏLİŞİNƏ, XALQIMIZIN FİRAVANLIĞININ TƏMİN OLUNMASINA YÖNƏLDİLMİŞ SİYASƏTİNİN DAHA BİR BƏHRƏSİ
XAÇMAZDA “QAFQAZ“ KONSERV ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
Azərbaycanın Baş naziri İlham Əliyev mərasimdə iştirak etmişdir.
Zavodun həyətinə toplaşan minlərlə rayon sakini, ictimaiyyətin nümayəndələri, müəssisənin işçiləri Baş naziri hərarətli alqışlarla, gül-çiçəklə qarşıladılar.
Zavodun binası üzərindən Azərbaycanın dövlət bayrağı, Prezident Heydər Əliyevin portretləri asılmışdı. Dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəkləyən sözlər yazılmış şüarlar diqqəti cəlb edirdi.
Müəssisənin açılışı münasibətilə qurban kəsildi. Baş nazir İlham Əliyev zavodun açılışını bildirən qırmızı lenti kəsdi, bu müəssisə ilə yaxından tanış oldu.
Məlumat verildi ki, Türkiyənin “Azərsun Holdinq” Şirkətlər Qrupu tərəfindən 14 milyon dollar sərmayə qoyularaq inşa olunan, Almaniya və İtaliyadan gətirilmiş ən müasir avadanlıqla təchiz edilən zavodda çalışan 200-ə yaxın işçinin 90 faizi Azərbaycan vətəndaşıdır. Gələcəkdə bu rəqəm 350-yə çatdırılacaqdır. Burada buraxılacaq müxtəlif növ konserv məhsulları yerli bazarı təmin etməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaqdır.
Baş nazir İlham Əliyev zavodun sexlərini gəzdi, istehsal prosesləri, məhsulun keyfiyyətini yoxlayan laboratoriyanın işi ilə tanış oldu.
X X X
Zavodla tanışlıqdan sonra Baş nazir İlham Əliyev türk iş adamları ilə görüşdü, onların problemləri ilə maraqlandı.
Dost ölkənin iş adamları ölkəmizdə onlara yaradılan şəraitdən razılıqla danışdılar, gələcəkdə özəl sektorun inkişafı naminə yeni istehsal müəssisələrinin yaradılacağını, sərmayələrin həcminin artırılacağını bildirdilər.
Baş nazir Azərbaycanda fəaliyyət göstərən bütün iş adamlarına dövlət və hökumət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğuladı.
X X X
Sonra zavodun istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Hüseynov, “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl, iqtisadi inkişaf naziri Fərhad Əliyev, zavodun işçisi Fərqanə Bayramova mərasimdə çıxış etdilər. Natiqlər İlham Əliyevi Baş nazir təyin olunması münasibətilə təbrik etdilər, müdrik dövlət xadimi Heydər Əliyevin siyasi xəttinin həyata keçirilməsində ona uğurlar arzuladılar.
Çıxış edənlər vurğuladılar ki, son illər respublikamızın hər bir guşəsində, o cümlədən Xaçmaz rayonunda böyük tikinti-quruculuq və abadlıq işləri aparılır. Yeni istehsal müəssisələri, sosial obyektlər, məktəblər, səhiyyə və mədəniyyət ocaqları istifadəyə verilir. Əhalinin yaşayış səviyyəsi get-gedə yaxşılaşır. Ölkə həyatının bütün sahələrində uğurlu islahatlar həyata keçirilir. Bütün bunlar yalnız və yalnız Prezident Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gərgin və fədakar əməyinin məntiqi yekunudur. Məhz onun müdrik xarici siyasəti nəticəsində Azərbaycan artıq dünya birliyində özünəməxsus yerini tutmuş, sabitliyin hökm sürdüyü, iqtisadiyyatı inkişaf edən ölkə kimi tanınmışdır. Ona görə də, dünyanın ən qabaqcıl ölkələrinin iri şirkətləri inamla respublikamıza sərmayə qoyurlar.
“Qafqaz” konserv zavodunun istifadəyə verilməsi də Prezident Heydər Əliyev tərəfindən respublikada sahibkarlığın inkişafına yaradılmış azad şəraitin bəhrəsi kimi qiymətləndirildi. Bildirildi ki, bu emal müəssisəsi rayon əhalisi üçün yeni iş yerləri açmaqla bərabər, bölgədə yetişdirilən bol tərəvəz məhsulundan səmərəli istifadə edilməsinə şərait yaradacaqdır.
Kənd təsərrüfatı rayonlarından olan Xaçmaz respublikamızın rəhbərinin diqqət və qayğısını daim hiss etmişdir. Heydər Əliyev 1981-1983 və 1998-ci illərdə bu rayonda olmuşdur və xaçmazlılar əziz Prezidentimizin buraya növbəti gəlişini böyük səbirsizliklə gözləyirlər.
Xaçmazda görülən işlər yüksək qiymətləndirildi və bildirildi ki, son bir ildə rayona 30 milyon ABŞ dolları həcmində xarici sərmayə qoyulmuşdur. “Qafqaz” konserv zavodunun da fəaliyyətə başlaması 1993-cü ildən etibarən ölkəmizdə həyata keçirilən müdrik sosial-iqtisadi inkişaf strategiyasının konkret bəhrəsidir.
Natiqlər daha sonra vurğuladılar ki, İlham Əliyevin son illərdəki fəaliyyəti təkcə Azərbaycan cəmiyyətində deyil, həm də beynəlxalq miqyasda diqqət mərkəzindədir. Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü kimi çoxşaxəli fəaliyyəti ona xalq arasında böyük nüfuz və etimad qazandırmışdır.
Mərasimdə çıxış edənlər Prezident Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yerli və xarici iş adamları ilə keçirilmiş görüşləri, bunların yekunu olaraq çox əhəmiyyətli qərarlar qəbul edilməsini, rayonlarda sahibkarlığın inkişafına dövlət qayğısının nümunəsi kimi kənd təsərrüfatı məhsulları istehsalının vergilərdən azad olunmasını, regionlar üçün mənfəət vergisinin əhəmiyyətli dərəcədə azaldılmasını, dövlət təminatlı infrastruktur layihələrinin əsasən rayonlarda həyata keçirilməsini, mikrokreditlərin verilməsini də xatırlatdılar.
Belə bir məqam da vurğulandı ki, Baş nazir İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı aparılmış səmərəli danışıqlar gələcəkdə türk iş adamları tərəfindən ölkəmizə sərmayə qoyuluşunun daha da artmasına təkan verəcəkdir. Bu isə yeni iş yerlərinin açılmasına və əhalinin sosial rifahının yaxşılaşmasına kömək olacaqdır.
Cəmiyyətdə baş verən prosesləri düzgün qiymətləndirməyi bacaran xaçmazlılar ölkədəki mövcud sabitliyin, inkişafın qədrini yaxşı bilirlər. 1992-93-cü illərin fəlakətlərini indi də xatırlayan xaçmazlılar o günlərin bir daha təkrarlanmaması, Azərbaycanın inkişaf yolu ilə uğurla irəliləməsi naminə qarşıdakı prezident seçkilərində fəal iştirak edəcəklərini, xalqımızın işıqlı gələcəyinə səs verəcəklərini bildirdilər.
X X X
Sonra Azərbaycanın Baş naziri İlham Əliyev çıxış etdi.