PREZİDENT HEYDƏR ƏLİYEVİN CƏNAZƏSİ VƏTƏNƏ GƏTİRİLMİŞDİR
Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini bütün dünyaya tanıda bilmiş, Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından o, həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.
Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev həyatı boyu vətənini düşünmüş, onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Dövlət başçısı kimi Heydər Əliyev Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, xalqını və ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildir.
Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi ölkəmizin müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Heydər Əliyev öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və ölkəmizi gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən sonrakı dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi baxımından başlıca məzmunu azərbaycançılıqdır.
Bu gün Azərbaycan xalqı özünün dahi oğlunu son mənzilə yola salır. Lakin o, bütün mənalı həyatını həsr etdiyi xalqının qəlbində yaşayacaq, qurub-yaratdığı, sözün əsl mənasında, memarı olduğu Azərbaycan əbədi olduğu kimi, Heydər Əliyev də təkcə tariximizdə deyil, Vətənin təəssübünü çəkən, onun sabahını düşünən hər bir azərbaycanlının ürəyində yaşayacaqdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımızın neçə-neçə görkəmli şəxsiyyətinə abidələr qoyulmasına nail olmuşdur. Lakin o vətən, xalq qarşısında misilsiz xidmətləri ilə milyonların qəlbində özünə abidə ucaltmışdır. Belə şəxsiyyətlər həyatdan cismən köçürlər, ruhən isə sonsuz olan əbədiyyətə qədər yaşayırlar.
Dekabrın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin cənazəsi Bakıya gətirilmişdir.
Prezident Heydər Əliyevin yaratdığı abidələrdən biri olan Binə beynəlxalq hava limanında matəm ovqatı vardı. Hava limanının binasında Prezident Heydər Əliyevin qara lentlə haşiyələnmiş portreti asılmış, Azərbaycanın dövlət bayrağı endirilmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Əliyevlər ailəsinin üzvləri, dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının üzvləri, dövlət və hökumət nümayəndələri burada idilər.
Hava limanında fəxri qarovul düzülmüşdü.
Prezident Heydər Əliyevin cənazəsini Klivlenddən gətirən “Boinq-727” təyyarəsi saat 13.30 radələrində hava limanında yerə endi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı cənazəni gətirən təyyarəyə qalxdı.
Qurucusu Heydər Əliyev olan Azərbaycan ordusunun əsgərləri Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifa etdiyi matəm musiqisinin sədaları altında cənazəni təyyarədən düşürdülər. Tabutun üzərinə respublikamızın Dövlət bayrağı çəkilmişdi.
Prezident Heydər Əliyevin cənazəsi xüsusi avtomobilə - katafalka qoyuldu. Matəm karvanı paytaxta yola düşdü. Hava limanından şəhərə gedən yola, küçələrə Azərbaycan paytaxtının on minlərlə sakini çıxmışdı. Matəm karvanının keçdiyi yol boyunca qırmızı qərənfillər düzülmüşdü. Azərbaycan paytaxtının sakinləri – dünya görmüş ağsaqqallar və ağbirçəklər, Prezident Heydər Əliyevin ölkəmizin işıqlı sabahının qurucuları kimi böyük ümidlər bəslədiyi gənclər, “Heydər baba” sözləri dillərində əzbər olan məktəblilər matəm karvanını qəhərli göz yaşları ilə müşayiət edirdilər. Bu, Azərbaycan xalqının öz dahi oğluna sonsuz məhəbbətinin daha bir təzahürü idi. Bu insanları yollara, küçələrə çıxmağa heç kim məcbur etməmişdi. Onları buraya gətirən insani hisslər, böyük Heydər Əliyevə son borclarını vermək istəyi idi. Bu kədərli, eyni zamanda, daxilən qürur doğuran mənzərəni Prezident Heydər Əliyevin cənazəsinin gətirildiyi Təzəpir məscidinədək seyr etmək olardı.
X X X
Matəm karvanı paytaxtın Təzəpir məscidinə gəldi.
Səhərdən məscidə toplaşmış din xadimləri xalqımızın böyük oğlunun ruhuna dualar oxuyurdular.
Azərbaycan Prezidenti İlham Əliyev, mərhumun doğmaları, dəfn mərasimini təşkil edən Dövlət Komissiyasının üzvləri məscidin ibadət salonuna gəldilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə matəm duası oxudu. Sonra o, mərasimə toplaşanlara müraciətlə dedi: “Mən Prezident Heydər Əliyev ilə axırıncı dəfə görüşəndə onu Təzəpir məscidinə dəvət etdim, dedim ki, Siz buraya çoxdan gəlmirsiniz. O, söz vermişdi ki, gələcək. Amma bu gün çox heyfslənirəm ki, biz buraya onun cənazəsini gətirdik. Heydər Əliyev kimi şəxsiyyətin dünyasını dəyişməsi biz müsəlmanlar üçün böyük itkidir. Ölkəmizdə bütün dinlərə və din adamlarına qayğıkeş münasibət bəslədiyinə, ibadətgahların təmirinə və tikintisinə yardımına görə biz Heydər Əliyevə həmişə minnətdar olmuşuq və olacağıq. Allah ona rəhmət eləsin!”
Mərhumun cənazəsi islam ənənələrinə və şəriətə tam uyğun şəkildə qüsl olundu. Tabut məscidin böyük ibadət salonunda qoyulduqdan sonra cənazə namazı qılındı.
Namaz başa çatdıqdan sonra ehsan verildi.