REGİONLAR
Prezident İlham Əliyev: Aqroparkların yaradılması üçün nəzərdə tutulan torpaqlar iş görən sahibkara verilməlidir
![Prezident İlham Əliyev: Aqroparkların yaradılması üçün nəzərdə tutulan torpaqlar iş görən sahibkara verilməlidir](/files/2020/1/1200x630/15808020004764515919_1200x630.jpg)
Bakı, 4 fevral, AZƏRTAC
Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir. Misal üçün keçən il taxılçılıqda bizim orta məhsuldarlığımız kifayət qədər yüksək olub - hektardan 32 sentner, böyük irəliləyişdir. Ancaq iri fermer təsərrüfatlarında bu, 50 sentner, bəzi yerlərdə 60 sentnerdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Dövlətimizin başçısı bildirib ki, aqroparkların yaradılması çox düzgün qərar idi: “Mənə məlumat verildi ki, bir neçə yerdə nəzərdə tutulmuş aqroparkların yaradılması yubanır, yaxud da ki, işlər ümumiyyətlə getmir. Ona görə mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıram ki, bu məsələ araşdırılsın. Təqribən 50-dən çox aqroparkın yaradılması nəzərdə tutulurdu. Araşdırılsın, təhlil aparılsın və mənə məlumat verilsin, əgər o yerlər, sadəcə olaraq, sahibkarlar tərəfindən götürülüb və istifadə olunmur, o yerlər geri qaytarılmalıdır və iş görən sahibkara verilməlidir”.