REGİONLAR
Prezident İlham Əliyev: Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır
Bakı, 4 fevral, AZƏRTAC
Ötən il 1300 kilometr avtomobil yolu salınıb. Min kilometr nəzərdə tutulmuşdu. Ancaq il ərzində rayonlara səfərlərim zamanı mənə edilən müraciətlər, sonra vətəndaşlar tərəfindən ünvanlanan məktublar əsasında biz əlavə 300 kilometr yolun çəkilişinə nail olduq. Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir, bir çox inkişaf etmiş ölkələri qabaqlayır. Əminəm ki, görüləcək işlər nəticəsində daha da irəli gedəcəyik.
2003-cü ildən bəri 16 min 700 kilometr avtomobil yolu tikilmişdir. Bizi bütün qonşu ölkələrlə müasir avtomobil magistralları birləşdirir. Yüzlərlə (bəlkə də mindən çox) kəndin yolu abadlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Dövlətimizin başçısı bildirib ki, avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir: “Onlardan biri Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsidir. İşlər gedir və əminəm ki, başa çatacaq. Sumqayıtdan Rusiya sərhədinə gedən yeni dördzolaqlı yolun tikintisi aparılır və hesab edirəm ki, ilin sonuna qədər bu yol da istifadəyə veriləcək. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir. İndi magistral yol tam yeni məcra ilə cənub istiqamətinə gedir. Ancaq Astara şəhərinin içərisindən keçir. Ona görə həm vətəndaşlar üçün narahatlıq yaradır, həm də ki, yükburaxma qabiliyyəti aşağı düşür. Ona görə Astara şəhərinə girmədən rayonun ərazisindən İran sərhədinə qədər yeni magistral yolun çəkilişi, o cümlədən avtomobil körpüsünün tikintisi nəzərdə tutulur. Bu layihə də bu ilin sonuna qədər başa çatmalıdır”.
Şamaxı-İsmayıllı-Qəbələ yolunun bərpası və genişləndirilməsi də nəzərdə tutulur. Bu barədə danışan dövlətimizin başçısı qeyd edib ki, yol sürüşmə zonasından keçir, ona görə yolun bərpası uzun illər ərzində mümkün olmamışdır. Ancaq yeni texnologiyalar əsasında və yeni məcranın tapılması istiqamətində aparılmış işlər nəticəsində bu yolun da genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev, həmçinin bildirib ki, bu il Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyət daşıyacaq: “Keçən il biz bu işlərlə daha geniş miqyasda məşğul olmağa başlamışıq. Əlbəttə ki, bəzi qəsəbələrdə yollar bərbad vəziyyətdədir və bu, dözülməzdir. Biz ən ucqar dağ kəndlərinə gözəl yollar çəkirik. Amma burada - Bakının ətrafında bəzi yerlərdə yollar pis gündədir. Ona görə müvafiq göstərişlər verilib. Keçən il bu sahəyə daha böyük diqqət ayrılıb və bu il də yol çəkilişi proqramları arasında bu sahə prioritet təşkil edəcək”.
Bütövlükdə 2020-ci ildə min kilometr avtomobil yolunun çəkilişinin nəzərdə tutulduğunu vurğulayan dövlətimizin başçısı bu yolların uzunluğunun daha böyük olacağını da istisna etməyib.