RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEV “JARDİN ROYAL”ŞOKOLAD FABRİKİNİN AÇILIŞINDAİŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Gəncədə “Jardin Royal” şokolad fabrikinin açılış mərasimində iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını gül-çiçəklə, böyük ehtiramla qarşıladı.
Prezident İlham Əliyev lenti kəsdi və fabrikin işə düşməsini bildirən düyməni basdı.
Dövlətimizin başçısına məlumat verildi ki, əsasən Fransa texnologiyası əsasında işləyən bu müəssisədə 120-yə yaxın adam çalışır, əməkhaqqı 100 manatdan 500 manatadəkdir. Fabrikdə 20-dən çox çeşiddə məhsul istehsal olunur. Yerli tələbatı ödəməklə yanaşı, məhsullar xarici bazara da çıxarılır. Gələcəkdə fabrikin genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev istehsal prosesi ilə yaxından tanış oldu, müasir avadanlığın işi ilə maraqlandı və yüksək səviyyəli müəssisənin fəaliyyətindən razılığını söylədi. Dövlət başçısı belə müasir müəssisələrin regionlarda sosial-iqtisadi inkişafa müsbət təsir göstərdiyini bildirdi.
Prezident İlham Əliyev müəssisənin müasir standartlara uyğun yeməkxanası ilə də tanış oldu. Bildirildi ki, burada işçilər pulsuz nahar edirlər.
Dövlətimizin başçısına xatirə olaraq, fabrikin fəaliyyətinə dair videodisk hədiyyə edildi.
X X X
Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədən Daşkəsən rayonuna gəlmişdir.
Dövlətimizin başçısı burada Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun, rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsinin və ümummilli liderin adını daşıyan muzeyin açılışı mərasimlərində iştirak etdi.
Sonra Prezident İlham Əliyev şəhid Anar Mürsəlov adına Daşkəsən 2 nömrəli şəhər orta məktəbi ilə tanış oldu.
Dövlətimizin başçısı “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin kollektivi ilə də görüşdü, daha sonra Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının sakinlərinə orderlər təqdim etdi.