Prezident seçkilərində ilk dəfə səs verəcək mingəçevirli gənclərin hüquqi maarifləndirilməsi işi aparılır
Bakı, 3 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının inzibati binasında prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin hüquqi maarifləndirilməsinə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə reallaşdırılıb.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov ölkəmizdə gənclər siyasəti ilə bağlı görülən işlərdən, qazanılmış uğurlardan danışıb. O, bu fəaliyyətin davamı olaraq, ilk dəfə səs verəcək 2.800 mingəçevirli gəncin sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü deyib.
“Seçki qanunvericiliyi: hüquqlarımız və vəzifələrimiz” mövzusunda məruzə ilə çıxış edən, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Bilik Fondunun Koordinasiya Şurasının hüquqi maarifləndirmə bölməsinin sədri Əli Hüseynli Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkədə aparılan siyasi, iqtisadi və sosial islahatlardan danışıb, seçki qanunvericiliyinin ayrı-ayrı maddələrini geniş təhlil edib. O, müasir nəslin nümayəndələrinin seçkilərdə iştirakının mənəvi borc olduğunu xüsusi vurğulayıb.
İnteraktiv üsulla davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, seçki prosesinin mərhələləri barədə təcrübi materiallar nümayiş olunub.