Professor Bayram Altan: KASSAK-ın əsas məqsədi erməni cinayətlərinin əsl mahiyyətini araşdırmaqdır
Ankara, 18 may, AZƏRTAC
Azərbaycana qarşı uzun zaman kəsiyini əhatə edən erməni cinayətlərinin əhatə dairəsi geniş, məqsədləri çox məkrlidir. Ermənistanın Azərbaycana qarşı məqsədyönlü və planlı cinayətlərinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması Azərbaycan və Türkiyə ziyalılarının milli-mənəvi borcudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) sədr müavini, professor Bayram Altan ifadə edib.
Ermənilərin Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyinin təməlində yalan, uydurma və böhtanın dayandığını diqqətə çatdıran professor Bayram Altan deyib: “Dövlətlərimiz, xalqlarımız və ölkələrimiz olduqca məkrli bir düşmənlə üz-üzədir. Dünyanın dörd bir yanına səpələnmiş ermənilərin təmsil olunduqları diaspor təşkilatları onilliklər boyu beynəlxalq ictimaiyyəti uydurduqları yalanlarla aldadıblar. Birinci Dünya müharibəsi illərində Osmanlıya qarşı xəyanət yolu tutan ermənilər Anadoluda müsəlman-türk əhaliyə qarşı amansız soyqırımlar həyata keçiriblər. Ötən yüz ildən çox zaman kəsiyində insanlıq əleyhinə cinayətlər törədənlər ermənilərdir. Lakin onlar saxta “erməni soyqırımı” mövzusu ilə Türkiyəyə qarşı düşmənçilik edir, dünya ictimaiyyətində 1915-ci il hadisələri ilə bağlı yanlış rəy yaradırlar. Halbuki, özləri ötən əsrin əvvəllərində Qafqazda Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları 1992-ci ildə Xocalıda təkrar ediblər”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfəri bütün türk dünyası üçün tarixi hadisə kimi dəyərləndirən KASSAK-ın sədr müavini deyib: “Əgər gerçəklər dünya ictimaiyyətini həqiqətən də maraqlandırırsa, işğaldan azad olunan Azərbaycan torpaqlarındakı real vəziyyətə baxsınlar. Qazanılan Zəfərdən sonra üzə çıxan cinayətlər göz önündədir. Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının əsas məqsədi məhz bu gerçəkləri araşdırmaq və beynəlxalq aləmin düzgün məlumatlandırılması prosesinə töhfələr verməkdir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara