CƏMİYYƏT
Prokurorluğa işə qəbulla əlaqədar sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq
Bakı, 16 sentyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənc hüquqşünasların aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilən müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbulu istiqamətində görülən tədbirlər davam etdirilir.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə aprelin 15-də elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu sentyabrın 30-da saat 18:00-da başa çatdırılacaq.
Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə edə bilər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında veriləcəkdir.
Əlavə məlumat almaq üçün (012) 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.