Prokurorluq əməkdaşlarının mükafatlandırılma mərasimi keçirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən, təltif edilmiş, habelə beynəlxalq tədbirlərin keçirilməsində fəal iştirakına görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarının mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin Sərəncamına əsasən 14 nəfər prokurorluq əməkdaşının təltif edildiyini xatırladıb. “Bu bizim üçün əhəmiyyətli hadisədir. Bizim əməkdaşlar dövlət və xalq qarşısında öz əməklərini əsirgəməyiblər. Hər zaman çalışmışıq ki, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev prokurorluq orqanlarına çox böyük etimad göstərib. Hər il prokurorluq orqanlarının peşə bayramı günlərində Prezident İlham Əliyev sərəncamlar imzalayır. Biz birlikdə bu etimadı doğruldacağıq. Bu gün ilin yekunlarını müzakirə etməyəcəyik. Bunun üçün ayrıca kollegiya iclası keçiriləcək. İndiyə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Sentyabr ayında Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində Bakıda mühüm tədbir keçirildi. Həmin tədbirə xarici ölkələrdən 500-ə yaxın nümayəndə gəlmişdi. Ötən gün BMT-nin Vyana ofisinin rəhbəri mənə məktub göndərib. O, məktubda Azərbaycandakı inkişafı, tarixi abidələri, ümumi bəşəri dəyərlərin yüksək qiymətləndirildiyini, COP29-un yüksək səviyyədə keçirildiyini qeyd edib”, - deyə baş prokuror bildirib.
Kamran Əliyev deyib ki, 2025-ci ilin may ayında BMT-nin Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) növbəti - 6-cı Plenar Görüşü Azərbaycanda keçiriləcək. Onun sözlərinə görə, bu tədbir çərçivəsində 500-ə yaxın nümayəndənin Bakıya gələcəyi gözlənilir.
Daha sonra bir qrup prokurorluq əməkdaşı təltif edilib.