Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən baytarlıq dərman preparatları aşkarlanıb
Bakı, 20 aprel, AZƏRTAC
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən baytarlıq dərman preparatları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin “Sadıxlı” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz C-230” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
Gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtrinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman preparatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.