“Qan ver, yaşat!” təşəbbüsünə Şəmkir də qoşulub
Şəmkir, 25 aprel, Rauf Hacıyev, AZƏRTAC
Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Şəmkir də qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayonda könüllü qanvermə aksiyası təşkil olunub.
Şəmkir Heydər Əliyev Mərkəzində karantin qaydalarına uyğun təşkil olunan aksiyada rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları iştirak ediblər.
Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya xəstəliyi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb.