RƏSMİ XRONİKA
QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİN XXVIII PLENAR SESSİYASININ İŞTİRAKÇILARINA
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin XXVIII plenar sessiyasının açılışı münasibətilə hamınızı ürəkdən təbrik edir, toplantıda iştirak edən parlament nümayəndə heyətlərinə səmərəli və məhsuldar iş arzulayıram.
Müasir dünyada sülhün qorunması, təhlükəsizliyin və sabitliyin təmin olunması proseslərində regional təşkilatların rolu getdikcə artır. Dövlətlər arasında siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsinə çalışan bu təşkilatlar regional inteqrasiyaya mühüm töhfə verirlər. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi parlamentlərarası əlaqələrin genişləndirilməsi yolu ilə region dövlətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlığına əlverişli şərait yaradır və ümumi problemlərimizin həllində yaxından iştirak edir.
Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə və səmərəli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Ölkələrimizin birgə səyləri ilə həyata keçirilən transmilli iqtisadi layihələr regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Təşkilatın üzvü olan üç dövlətin – Türkiyə, Gürcüstan və Azərbaycanın birlikdə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin bu ilin may ayında işə salınması regionda uğurlu işbirliyinin əyani təzahürü olmuşdur. Hazırda həyata keçirilməkdə olan digər birgə layihələr – Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, Qars-Tbilisi-Bakı dəmir yolu xəttinin çəkilişi, habelə Şərq-Qərb enerji dəhlizinin, Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi bütün Qara dəniz regionunun simasını dəyişdirməyə qadirdir.
Bütün bunlar sübut edir ki, regionumuzun dinamik inkişafı üçün hər cür şərait vardır. Lakin təəssüf ki, bir sıra münaqişələrin mövcudluğu regionun çiçəklənməsi yolunda böyük maneə olaraq qalır. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəinki ölkəmizin inkişafını ləngidir, həm də regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir.
Demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti yaradılmasını özünün başlıca vəzifəsi hesab edir. Ötən illərdə bizim ölkəmiz dünyada ən sürətli iqtisadi inkişafa nail olmaqla yanaşı, qanunun aliliyinin təmin edilməsi, insan hüquqları və azadlıqlarının qorunması sahəsində də xeyli uğur əldə etmişdir. Əminəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi çərçivəsində aparılan siyasi dialoq regionda ümumbəşəri dəyərlərin bərqərar edilməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə, dinc yaşayış və mehriban qonşuluq münasibətlərinin inkişafına layiqli kömək göstərə bilər.
Hörmətli sessiya iştirakçıları!
On iki dövlətin parlamentlərini birləşdirən nüfuzlu beynəlxalq təşkilatın yüksək səviyyəli forumunun üçüncü dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi əlamətdar hadisədir. Ümidvaram ki, sessiyada qəbul ediləcək qərarlar bizim dövlətlərimizin və xalqlarımızın tərəqqisinə, qarşılıqlı-faydalı əlaqələrin daha da güclənməsinə xidmət edəcəkdir. Hamınızı səmimi qəlbdən salamlayır, mötəbər toplantının işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2006-cı il.