DÜNYA
“Qatar Airways” 100 aviadaşıyıcı arasında birinci yeri tutub
Bakı, 20 iyun, AZƏRTAC
“Qatar Airways” aviaşirkəti 100 aviadaşıyıcı arasında ilk yeri tutaraq nüfuzlu “World Airline Awards” mükafatının sahibi olub. Bu barədə məlumat mükafatı təqdim edən Britaniyanın “Skytrax” tədqiqat kompaniyasının saytında dərc olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Qətər aviakompaniyası eyni vaxtda bir neçə nominasiyada, o cümlədən “Ən yaxşı biznes-klass” və “Yaxın Şərqin ən yaxşı aviaşirkəti” nominasiyalarında qalib gəlib. Liderlər üçlüyünə, həmçinin Sinqapurun “Singapore Airlines” və Yaponiyanın “All Nippon Airways” aviakompaniyaları daxil olub.
“World Airline Awards” aviasiya sənayesində ən nüfuzlu mükafat sayılır. Onun təqdim olunması üçün bu dəfə 105 ölkədən 20 milyon sərnişinin verdiyi qiymət əsas götürülüb. Tədqiqat 2016-cı ilin avqustundan 2017-ci ilin may ayına qədər keçirilib. Bununla yanaşı, tədqiqatda iştirak edən 300-dən çox aviakompaniyadan yalnız 100-ü reytinqə daxil ola bilib.