RƏSMİ XRONİKA
QAX-İNGİLOY KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Qax rayonunun əsasən gürcülər yaşayan Qax-İngiloy kəndinə gəlmişdir.
Kəndin sakinləri dövlətimizin başçısını və ailə üzvlərini böyük səmimiyyətlə qarşıladılar. Onlar Prezidentə müraciətlə dedilər ki, burada özlərini Azərbaycanın tamhüquqlu vətəndaşları kimi hiss edirlər, heç vaxt ayrı-seçkilik hiss etməmişlər, tarix boyu qonşularla qardaş kimi yaşamışlar, doğma Vətənimizin inkişafı, tərəqqisi üçün hər zaman öz köməklərini əsirgəmirlər. İngiloylar ümummilli lider Heydər Əliyevin xatirəsini həmişə əziz tutur, onların rahat yaşayışı üçün yaradılmış bu şəraiti dahi şəxsiyyətin məqsədyönlü fəaliyyətinin nəticəsi hesab edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirməsini ürəkdən bəyənirlər və onu daim dəstəkləyəcəklər.
Prezident İlham Əliyev ümummilli liderimizin siyasi xəttinin bundan sonra da ardıcıl davam etdiriləcəyini vurğuladı, ölkəmizdə yaşayan bütün milli azlıqların hüquqlarının qorunmasına, dini tolerantlığın saxlanmasına daim diqqət yetiriləcəyini bildirdi. Qonşu Gürcüstanla Azərbaycan arasında münasibətlərin son illər daha da inkişaf etdiyini, xalqlarımızın rifahı naminə birgə regional layihələrin həyata keçirildiyini, Prezident Saakaşvili ilə aralarında sıx dostluq münasibətlərinin olduğunu, qonşu ölkəyə səfər edərkən orada azərbaycanlılar yaşayan kəndlərə gedib güzəranları ilə yaxından tanış olduğunu vurğuladı. Dövlətimizin başçısı Gürcüstan Prezidentinin ölkəmizə növbəti səfəri zamanı onu buraya gətirəcəyini vəd etdi.