Qaxda Ulu Öndərə həsr olunmuş Kitab bayramı keçirilib
Qax, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dilimizin dahisi, sözümüzün öndəri” adlı kitab bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon C.Cabbarlı adına Mərkəzi kitabxanasının təşkil etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizova çıxış edərək, kitabın xalqın formalaşmasında, intellektinin, mədəniyyətinin yüksəlməsində əvəzsiz rol oynadığını bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, geniş bilik və təfəkkür sahibi olması, düşünülmüş və cəsarətli qərarları, eyni zamanda, mədəniyyətimizə, kitabxanalara, milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğı danılmazdır.
Tədbirdə bir-birindən maraqlı musiqi nömrələri, bədii qiraət, çıxışlar və kompozisiyalar yer alıb.
Daha sonra Mərkəzi kitabxananın və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Günəşə qovuşmaq istəyirəm” adlı müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Kitab bayramı çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab və rəsm əsərlərinə baxış da keçirilib.