QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEV PREZİDENT HEYDƏR ƏLİYEVLƏ VİDALAŞMA MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Prezident Nazarbayevi Binə hava limanında Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə qarşılamışdır.
Nursultan Nazarbayev jurnalistlərlə söhbətində demişdir: “Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Hamımıza məlumdur ki, Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görüb. Onun öz xalqı üçün gördüyü işlər çox böyükdür. Son nəfəsinə qədər də o, öz xalqının rifahı üçün çalışıb. Allah rəhmət eləsin”.
Qazaxıstan Respublikasının Prezidenti vidalaşma mərasimində iştirak etdikdən sonra Vətənə qayıtmışdır.