Qazaxıstanda terrorçuluqda şübhəli bilinənlər həbs edilib
Astana, 14 yanvar, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində terror aktlarının hazırlanmasında şübhəli bilinənlər saxlanılıb.
AZƏRTAC Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, Almatı şəhərində Mərkəzi Asiya ölkələrindən gələn bir qrup xarici vətəndaş terrorçuluqda şübhəli bilinərək nəzarətə götürülüb. Almatıda keçirilən xüsusi əməliyyat zamanı şübhəlilərin müvəqqəti yaşayış yerlərində aparılan axtarışda kustar üsulla hazırlanmış partlayıcı qurğular, eləcə də odlu silah və döyüş sursatı aşkar edilib.
Polisin yaydığı məlumata görə, saxlanılan şəxslər İŞİD terror qruplaşmasının tapşırığı ilə fəaliyyət göstəriblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana