Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin dövlət qulluqçuları üçün təlim təşkil edilib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn formada reallaşdırılan tədbir 2025-ci il oktyabrın 21-də imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası çərçivəsində həyata keçirilib.
Təlim “ASAN xidmət” mərkəzlərində həyata keçirilən yeniliklərə, o cümlədən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan innovativ həllərə həsr edilib.
Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində dizayn düşüncə yanaşmasının tətbiqi, dataəsaslı qərar qəbuletmə, süni intellekt və digər texnoloji həllərin tətbiqi, keyfiyyətli idarəetmə sistemlərinin istifadəsi və vətəndaş məmnunluğunun artırılması sahəsində Azərbaycan təcrübəsinin Qazaxıstan tərəfinin sorğusu əsasında onlarla paylaşılmasıdır.
Dövlət Agentliyinin müvafiq şöbələri tərəfindən iştirakçılara müvafiq sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, eləcə də qarşı tərəfin sualları cavablandırılıb.