İDMAN
“Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov: Qarşımıza hər oyunda qələbə qazanmağı məqsəd qoymuşuq

Bakı, 8 fevral, AZƏRTAC
“Qəbələ” klubu mövsümün əvvəlində maliyyə çətinlikləri ilə üzləşdi. Buna görə də həmin vaxt komandanın qarşısına ciddi hədəflər qoya bilməzdik. Klubun əsas prioritetlərindən biri Akademiyanın uğurla fəaliyyət göstərməsidir. Əsas gücümüzü Akademiyanın fəaliyyətinin zəifləməməsinə yönəltmişdik. Həm yığmanın, həm də “Qəbələ”nin əsas komandası üçün futbolçuların yetişdirilməsi bizim üçün ən vacib amillərdən biridir. Komandanın hansı formada olmasından asılı olmayaraq, əsas hədəfimiz hər oyuna qələbə əzmi ilə çıxmaq, maraqlı oyun nümayiş etdirmək, Akademiyanın gənc oyunçuları üçün zəmin yaratmaq olub. Ancaq “Qəbələ” cari mövsümdə uğurla çıxış etməyə başladı və komandamızın avrokuboklara vəsiqə qazanmaq şansı böyükdür.
Bu sözləri “Qəbələ” futbol klubunun prezidenti Fariz Nəcəfov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Komandanın mövsümün ikinci yarısına hazır olduğunu bildirən F.Nəcəfov qeyd edib: “Bəzi çatışmazlıqlar və heyətdə zədəli futbolçular var. Hətta mövsümün əvvəlindən zədəsi olan futbolçularımız mövcuddur. Gənc oyunçularımız Rüfət Əhmədov, Ürfan Abbasov, həmçinin toqolu futbolçu Yaovi Akakpo zədəlidir. Təbii ki, təlim-məşq toplanışı zamanı keçirilən yoxlama oyunlarında komandanın taktiki və texniki hazırlığı yoxlanılıb. Həmin görüşlərdə komandada aşkarlanan problemlər üzərində məşqçilər korpusu tərəfindən iş aparıldı. Ümumilikdə, komandamızın Antalya toplanışını uğurlu hesab etmək olar”.
Avrokuboklara vəsiqə qazanmağın çətin olduğunu vurğulayan klub prezidenti qeyd edib ki, Azərbaycan Premyer Liqasında iddialı komandaların da hazırlığı yüksək səviyyədədir. Mövsümün ikinci hissəsində bizi gərgin idman mübarizəsi gözləyir. Ancaq qarşımıza hər oyunda qələbə qazanmaq hədəfini qoymuşuq.
Transfer məsələsində klub rəhbərliyi ilə baş məşqçinin fikirlərinin vəhdət təşkil etməsinin önəmini qeyd edən F.Nəcəfov deyib: “Məşqçi oyunçunu istəyir, rəhbərlik isə onun istəklərini reallaşdırmağa çalışır. Ancaq bu işlər büdcədən, maliyyə dayanıqlılığından və klubun növbəti mövsüm üçün büdcəsinin formalaşmasından asılıdır. Qış transfer pəncərəsində məcbur transferlərimiz oldu. Bu zədəli futbolçuların olması ilə bağlı idi. Bir neçə gün əvvəl Azərbaycan millisinin futbolçusu Samet Karakoç ilə müqavilə imzaladıq. Güclənməyə ehtiyac duyulan mövqelərimiz var. Ancaq çalışacağıq ki, bu heyətlə mövsümün sonunadək mübarizə aparaq”.
Klubun büdcəsinin azaldılmasının Akademiyaya da təsir etdiyini bildirən F.Nəcəfov deyib: “Texniki heyətdə bəzi dəyişikliklər oldu. Uşaqların sayında da azalmalar var. Hər vəchlə çalışırıq ki, Akademiyanın fəaliyyəti uğurlu olsun. Azərbaycan futbolunun gələcəyi məhz akademiyalardan asılıdır. Digər klublarda da akademiyaların fəaliyyət göstərməsi çox vacibdir. Məcbur deyil ki, klub Premyer Liqa təmsilçisi olsun. Akademiyada növbəti mövsümdən texniki heyətin gücləndirilməsi istiqamətində iş aparılacaq. Məşqçilərin sayını artırmağı planlaşdırırıq”.
Bölgələrdə futbolun inkişafının proqram əsasında aparılmasının vacibliyini vurğulayan F.Nəcəfov qeyd edib ki, idmanın bu növünün kütləviləşməsinə çox ciddi yanaşmaq lazımdır. Şamaxıda futbol klubunun yaradılması çox təqdirəlayiq haldır. Şamaxı idmançılar şəhəridir. Orada güləş ənənələri var. Şamaxının elə kəndləri var ki, orada fiziki cəhətdən yaxşı uşaqlar çoxdur. Bu, təkcə Şamaxını deyil, oraya yaxın olan ərazilərdən də futbolçuların idmana cəlb olunması anlamına gəlir. Şamaxıda stadionun tikilməsi çox müsbət haldır. Futbol kütləviləşməyə başlayır. İnanıram ki, gələcəkdə orada uşaq futboluna ciddi diqqət göstəriləcək.