MƏDƏNİYYƏT
Qəbələ növbəti dəfə beynəlxalq musiqi festivalına ev sahibliyi edəcək
Bakı, 18 iyul (AZƏRTAC). Son illər Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırmışdır. UNESCO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunmuş beynəlxalq muğam festivalları böyük maraqla qarşılanaraq, dünyada geniş əks-səda doğurmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi olan VI Qəbələ beynəlxalq musiqi festivalı iyulun 23-dən avqustun 1-dək keçiriləcəkdir.
Festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivləri - İohannesburq Filarmonik orkestri, İsrailin “Brass kvintet”, “Kiyev solistləri” milli kamera orkestri, Vyana Akademik orkestrinin solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər.
Konsertlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, xalq artistlərindən Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, əməkdar artistlərdən Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları və başqalar çıxış edəcəklər.