Qəbələ sakinləri qanvermə aksiyasına qoşulublar
Qəbələ, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına Qəbələ sakinləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 25-də Qəbələ Müalicə Diaqnostika Mərkəzində könüllü qanvermə aksiyası keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən xeyriyyə aksiyasında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, sakinlər fəal iştirak ediblər.
Toplanan qan laborator müayinədən keçirildikdən sonra irsi qan xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.